“Qafqaz“ın rektoru: “Bizim saf olduğumuz ortaya çıxacaq” - MÜSAHİBƏ

http://teleqraf.com/news.php?id=42813#.Ux8hfs6VyeU
Tarix: 07.03.2014 | Saat: 11:32:00 


Əhməd Saniç: “Ən kiçicik bir dini təhsil burda danışıq mövzusu deyil”

“Qafqaz” Universitetinin başına azərbaycanlı bir rektor keçəcək”

“Qafqaz” Universiteti və universitetin tabe olduğu “Çağ Öyrətim İşlətmələri” Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə yeni qurum yaradıblar. “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” adlanan həmin quruma şirkətin bütün təhsil müəssisələri daxil olub. Qeyd edək ki, “Çağ Öyrətim İşlətmələri” Şirkəti Azərbaycanın müstəqilliyini qazandığı ilk illərdə – 1992-ci ildə qurulmuş şirkətdir. Şirkətin təhsil müəssisələri – Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti öz fəaliyyətləri ilə Azərbaycana indiyədək 530-dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıblar. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. “Qafqaz” Universiteti isə 1993-cü ildə Bakıda qurulmuş ilk və tək xarici universitet olma özəlliyinə sahibdir. Türkiyə və qabaqcıl Qərb ölkələri universitetlərinin müasir təhsil proqramlarını, tədris vəsaitlərini uğurla tətbiq edən “Qafqaz” Universiteti elmi-pedaqoji ictimaiyyətlə yanaşı, Azərbaycan xalqının və dövlətinin də etimadını qazanıb. Universitetin rektoru, professor Əhməd Saniclə söhbətimizdə yeni idarəçilikdən tutmuş son zamanlar baş verən bir sıra ictimai-siyasi məsələlərə toxunduq.

– Bir il öncə, 2013-cü ilin martın 1-də Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ/SOCAR) “Çağ Öyrətim İşlətmələri” Məhdud Məsuliyyətli Müəssisənin şirkətin təsisçiliyi ilə yaradılmış “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanat imzalanıb. Sənədi SOCAR-ın vitse-prezidenti, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Xalik Məmmədov, “Çağ Öyrətim İşlətmələri” MMM adından isə İdarə Heyətinin sədri Ənvər Özərən imzalayıblar. Bununla da “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri SOCAR, “Praktikal Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM olublar. Qeyd edim ki, birliyin təsisçiləri bərabər hüquqlara malikdirlər və ötən dövr ərzində “Çağ Öyrətim İşlətmələri” Şirkətinin rəhbərliyində hər hansı dəyişiklik baş verməyib. Ümid edirəm ki, bu birlik nəticəsində təhsildə daha güclü, daha keyfiyyətli nəticələr əldə edəcəyik.

– Amma nədənsə belə bir şirkətin qurulması, “Çağ Öyrətim İşlətmələri” Şirkətinin bütün təhsil müəssisələrinin “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin, daha doğrusu SOCAR-ın tabeliyinə keçməsi barədə məlumat yeni açıqlanıb...

– Xeyr. İmzalanma mərasimi keçiriləndən dərhal sonra mətbuata bu barədə  məlumat verilmişdi. Fəqət, insanlar bunu başa düşə bilmədilər. Yəni, “bu nədir” deyə suallar verdilər. İndi yeni-yeni meyvələr verilməyə başladığı üçün insanlar bu dəyişikliyi görməyə başladılar.

– Etiraf etməliyik ki, insanlar yenə də bunu başa düşə bilmirlər. Bu, addım kimlərinsə “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təsisçiliyindən imtina etmələri ilə bağlıdırmı?

– Xeyr. “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təsisçiliyindən hər hansı bir imtina baş verməyib. Eyni qayda ilə davam edirik. Amma artıq bir məsələ var. Artıq “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təhsil müəssisələrinin təsisçilik haqqına sahib olan “Çağ Öyrətim İşlətmələri” Şirkəti deyil, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”dir. Yəni, dəyişiklik bundan ibarətdir. Bu dəyişikliyi “Çağ Öyrətim İşlətmələri Şirkəti”nin və onun təhsil müəssisələrinin daha geniş bir çətir altına girməsi, daha geniş imkanlar əldə etməsi kimi də dəyərləndirmək olar. Çünki “Çağ Öyrətim İşlətmələri Şirkəti” əvvəlkitək investisiya qoymaqla bahəm, artıq SOCAR da bu təhsil müəssisələrinə investisiyalar yatıracaq. Yəni, “bir əlin nəyi var, iki əlin səsi var” məsəlində deyildiyi kimi təhsil müəssisələrimiz daha da inkişaf edəcək, genişlənəcək. “Çağ Öyrətim Şirkəti” qurularkən ilk gündən zatən Azərbaycan xalqı üçün qurulmuşdu. Zatən bir Azərbaycan şirkəti idi, Azərbaycan məktəbləri idi. Bizim istər universitetimiz, istərsə də məktəblərimiz Azərbaycanın “Təhsil haqqında” qanunu əsasında idarə olunurdu. Bu gün isə “Çağ Öyrətim İşlətmələri” tam mənası ilə Azərbaycan şirkətinə çevrilib. Artıq çatıda bir türkiyəli deyil, Azərbaycan şirkəti SOCAR var. Düşünürəm ki, bu şəkildə daha böyük işlər görülə, daha keyfiyyətli, daha çox məktəblər açıla bilər. SOCAR-ın buradakı əsas məqsədi Avropa təhsilini ölkədə daha yayğın hala gətirə bilməkdir. İstər “Qafqaz” Universiteti, istərsə də məktəblərimiz zatən illərdir bu işi görür, görməkdədir. Çünki insanın ən böyük sərhədi dildir. Bu uşaqların dil baryeri olmur. Amerikaya, Avropaya və ya Türkiyəyə oxumağa gedirlər, ondan sonra gəlib ölkələrinə xidmət edirlər. Dəyişikliklə bu cür gənclərin sayının artacağını düşünürəm.

– “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təhsil müəssisələrinin çox keyfiyyətli təhsil verdiyini hamı etiraf edir. Amma bu təhsil müəssisələrində dini təmayülün də olduğu zaman-zaman söylənilir. Hətta, bəzən iddia olunur ki, ibadətlə məşğul olanlara olmayanlarla müqayisədə daha çox üstünlük verilir...

– Bizim universitetimizlə Bakı Dövlət Universitetinin, yaxud Neft Akademiyasının mənəviyyat baxımndan heç bir fərqi yoxdur. Yəni, dünyəvi bir universitetdir. Bizim fərqimiz bəlkə də budur; biz hər bir tələbə ilə dönə-dönə məşğul olaraq onların xaricdə oxumaları, yaxud daha yüksək bilik sahibi olmalarını təmin edirik. Bundan əlavə mən müxtəlif düşüncə sahibi olan hər kəsi universitetimizə dəvət edirəm. Hər bir tələbə ilə, hər zaman görüşə bilərlər. Sizi də dəvət edirəm. Gəlin, görün, danışın, araşdırın. Bütün imkanlarımı açıram. Bu sualları mənim tələbələrimə də verə bilərsiniz. Çünki mən özümdən, universitetimdən, verdiyim təhsildən əminəm. Eyni zamanda bizdə kamera sistemləri var. Yəni, ən kiçicik bir dini təhsil burda danışıq mövzusu deyil.

– Mətbuatda bəzi azərbaycanlı millət vəkillərinin “Nur” camaatına bağlılığına dair yazılar dərc olunub. Həmçinin “Çağ Öyrətim İşlətmələri” Şirkətinin rəhbəri Ənvər Özərənin camaatın liderinə göndərmiş olduğu məktub yayılıb. Bununla bağlı nə deyə bilərsiniz? 

– Bunların hamısı gerçəyə söykənməyən məsələlərdir. Biz bunları qətiyyən qəbul etmirik. Doğrudur, hoca əfəndi bu məktəblərin qurulmasını təşviq edib. Amma hoca əfəndi burda yoxdur. Heç bir zaman qarışmaz. Hətta, mən bura gəldiyim zaman ilk olaraq mənə iki şey tövsiyə etdilər. Birincisi, Türkiyədən nə istəyirlərsə istəsinlər, o sizi ilgiləndirməz. Etməyəcəksən. İkincisi də Azərbaycanın siyasəti sənin siyasətin olacaq. Sənin sözünü eşidəcəyin bir şəxs olacaq. O da əvvəllər “Çağ Öyrətim İşlətmələri” Şirkətinin rəhbəri, indi isə “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin təsisçilərindən biri Ənvər Özərəndir. Yəni, onunla danış, məsələləri onunla müzakirə et. Məsələ, Türkiyədən heç bir zaman “mən bu pulu ödəyirəm, sən bu kimi işləri gör” demədilər. Baxın, mən pulu ödəyənləri də tanımıram. Vaxtilə bu məktəblər açıldı, avadanlıqlar alındı. Mən heç birini tanımıram. Bu insanlar Azərbaycanı, türk dünyasını, bütün dünyanı, insanları çox sevdikləri üçün fədakarlıq edirlər. Yəni, bu insanlar çox yaxşı şəraitdə, lüks içində yaşaya bilərlər. Amma lüks içində yaşamadılar. Onun yerinə orta səviyyədə yaşayaraq əlavə gəlirlərini bu cür qurumlara verdilər. Və Türkiyədə də biz bunu bilmirik. Məsələn, tələbələr təqaüd alır, amma kimin təqaüdünü aldığını bilmirlər. Gedib bankdan çıxarar, o təqaüdü hesaba kimin yatırdığı da bəlli olmaz. Çünki biz hər hansı öyrəncimizin boynunun bükük olmasını istəmirik. Doğrudur, insanlar xeyirli işlər görərlər. Bizim bir adətimiz var; sağ əlin verdiyini sol əl duymaz. Tələbələrin getdikləri ölkələrdə uğurlar əldə etmələri mənə ən böyük mükafatdır. Məsələn, ötən gün yeni bir xəbər aldım. Mənim məzunumun yazdığı kitab Amerikada çap edilir. Bu mənim üçün bütün yorğunluğumu aparacaq bir xəbərdir. Bu mənada bunlar hamısı yalandır. Bundan öncə də eyni xəbərlər yayılıb və onlar da yalan olub. Bu cür xəbərlərin yayılması qısqanclıqdan da, bilgisizlikdən də, sair səbəblərdən də ola bilər. Bunların qətiyyən diqqətə alınmamasını düşünürəm. Əgər bir dəlil istəyirsənizsə, gəlin “Qafqaz” Universitetinin bir ucundan girin, digər ucundan çıxın. İstədiyiniz tələbəyə, istədiyiniz müəllimə istədiyiniz sualı verin. Mənim söylədiklərimdən əlavə bircə fərq də görə bilməyəcəksiniz.

– Əhməd bəy, “Çağ Öyrətim İşlətmələri”nin təhsil müəssisələrinin “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin tabeçiliyinə verilməsi Türkiyədə camaatla hökumət arasında münasibətlərin pisləşməsi ilə bağlı ola bilərmi?

– Yox, yox. Bu tamamilə SOCAR-ın qərarıdır və prezidentimizin razılığı ilə olan bir işdir. Bilirsiniz ki, SOCAR artıq Azərbaycan şirkəti deyil, qlobal bir şirkətdir və böyük işçi qüvvəsinə ehtiyacı var. O zaman nə etməlidir? Xaricdən işçi gətirməsi ona baha başa gələcək. Ona görə də SOCAR öz ölkəsinin insanını yetişdirməyi əsas götürür. Yəni, qeyri-adi, fərqli, pis bir niyyət yoxdur. Prezidentimiz deyir ki, bu insanlar çalışmağa davam etsinlər, daha gözəl insanlar yetişdirsinlər, sizlər də dəstək olun. Bu qayda ilə işimizə davam edəcəyik. Bizim tərəfdən də yardımlar davam edəcək, tədris binaları inşa olunacaq, avadanlıq alınacaq.

– Yeri gəlmişkən, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” yaradıldıqdan sonra yeni təhsil müəssisələrinin açılması nəzərdə tutulubmu?

– Bu artıq bizim məsələmiz deyil, SOCAR-ın məsələsidir. Bizim işimiz əlimizdəki imkanlara müvafiq olaraq ən yaxşı nəticələri əldə etməkdir. Nəzəri cəhətdən deyə bilərik ki, dövlətimiz çoxlu təhsil müəssisələrinin açılmasına qərar verə bilər. Bunu dəqiq deyə bilmərəm. Onsuz da bizim personalımızın 87 faizi azərbaycanlıdır. Hətta bu il azərbaycanlı personalın 90 faiz olduğunu düşünürəm. Builki faiz nisbətini hesablamadım. Çünki gün keçdikcə, azərbaycanlıların faizi artır. Yəni, biz burda bəlkə də başda görünürük. Amma əsas işləri görən personalımız və öyrənmə fürsəti əldə edən azərbaycanlıdır. Qazanan da azərbaycanlılardır. Məsələn, bu gün “Qafqaz” Universitetinin prorektor və dekanlarının 2/3-i azərbaycanlıdır. Kafedra müdirlərimizin biri istisna olmaqla, digərləri hamısı azərbaycanlıdır. Bəlli bir sürəcdən sonra bizim burda işimiz azalacaq. “Qafqaz” Universitetinin başına azərbaycanlı bir rektor keçəcək. Bütün bunlar olacaq.

– Bu nə vaxt baş verəcək?

– Onu mən bilmərəm. Yəni, bişdikcə onun nə olduğunu görəcəyik. Önəmli olan keyfiyyətin düşməməsidir. Keyfiyyət düşməyəcəyi təqdirdə heç bir problemlə qarşılaşmazsınız. Baxın, BP şirkəti universitetimizdə kimya, mexanika mühəndisliyi laboratoriyası açdı. İndi də inşaat mühəndisliyi üçün çalışmalar gedir. BP bu qədər universiteti qoyub niyə “Qafqaz”ı məsləhət bilir? Mənim BP ilə nə qədər yaxınlığım var? İnsan işlədiyi zaman onu görürlər, dəyərini verirlər. SOCAR keyfiyyətli mütəxəssislərə ehtiyac hiss etdi və sonda biz də zatən Azərbaycan üçün qurulmuş müəssisələr olduğu üçün bu təklifi sevə-sevə qəbul etdik. 

– Türkiyə Böyük Millət Məclisi özəl hazırlıq kurslarının bağlanması haqqında qanun layihəsini qəbul edib. Bu Sizin işinizə hansısa formada təsir edəcəkmi?

– Bu Türkiyəni ilgiləndirir, inanın bizi heç ilgiləndirmir. Baxın, biz Türkiyə barədə danışmağı belə yasaqlamışıq. Çünki bizi ilgiləndirmir.

– Türkiyə barədə danışmağı necə yasaqladığınızı anlamadım...

– Yəni, biz "Türkiyə etdi, nə edəcək" barədə danışmaq istəmirik. Türkiyənin nə etdiyi önəmli deyil. Biz Azərbaycanıq. Bizim kurslarla Türkiyədə olan kursları eyniləşdirməyə çalışırlar. Halbuki, bizimlə onların heç bir əlaqəsi yoxdur. Hə, o siyasi bir qərardır. Artıq bunun konstitusiyaya uyğun olub-olmadığı və sair məsələlər daha sonra araşdırılacaq. O da bizim şirkətin məsələsi deyil, Azərbaycanın məsələsi heç deyil.

– Dekabrın 17-də qardaş ölkədə korrupsiya və rüşvət əməliyyatından sonra baş nazir bu məsələdə camaatı günahlandırdı...

– Bulanıqlıq gedincə bizim çox saf olduğumuz ortaya çıxacaq. Bunu qəti olaraq söyləyirəm. Çünki mən rəhbərlik etdiyim universitetdən nə qədər əminəmsə, oradakı insanların da eyni ürəklə çalışdığına inanıram. Bunların hamısı boş şeylərdir və məni maraqlandırmır. Bu gün mən Azərbaycanda xidmət edirəm. Məni maraqlandıran təkcə budur və Türkiyədə baş verənlərə bir azərbaycanlı kimi baxıram. Amma Türkiyənin aşağı düşməsindən təbii ki, üzülürəm. Çünki mən bir Türkiyə vətəndaşıyam. Amma bizim bu gün tutduğumuz mövqe ilə Türkiyənin mövqeyi lütfən qarışdırılmasın.

– Türkiyə hazırda aşağı düşmüş durumdadırmı?

– Yəni, Türkiyə Avropa Birliyi kriteriyalarına görə məsafə itirib.

Səxavət HƏMİD

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır