“Bu liseylər cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir”

“Bu liseylər cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir”
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) Gəncə Liseyi 10-cu məzunlarına uğurlar diləyib. Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə və 28 may-Respublika Gününə həsr olunmuş tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev, ABTM Təhsil Şurasının sədri Ənvər Özərən, məzunların valideynləri, qonaqlar və media mənsubları iştirak ediblər. 
Tədbirdə çıxış edən Gəncə Liseyinin direktoru Ramazan Tomay bildirib ki, son zəng tədbirinin ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunması təsadüfi deyil: “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. O, uzaqgörənliyi, sarsılmaz dühası, dünyamiqyaslı siyasəti ilə Azərbaycanı əbədi azadlığa çıxarıb”. Onun çıxışından sonra ABTM-in fəaliyyətini əks etdirən qısa film nümayiş etdirilib. Tədbirdə çıxış edən  Gəncə Şəhər İcra hakimiyyəti başçısının müavini Nizami Hacıyev məzunları son zəng günü münasibətilə təbrik edib, imtahanlarda uğurlar arzulayıb. Sonra həm ötənilki məzunlardan, həm də builki şagirdlərdən olimpiadalarda medal qazananlar səhnəyə dəvət edilərək təltif olunublar. Mərasim lisey şagirdlərinin hazırladıqları maraqlı proqramla davam etdirilib. Belə ki, şagirdlər hazırladıqları xalq mahnıları və rəqslərlə tamaşaçılara xoş anlar yaşadıblar.
Tədbirin sonunda Azərbaycan Respublikasının üçrəngli bayrağı lisey şagirdləri tərəfindən səhnəyə gətirilib, ənənəvi bayraq təqdimatı gerçəkləşib. Tədbir çərçivəsində 11-cilər, əvvəlcə, vətənimizə və millətimizə sədaqət andı içiblər. Sonra isə bayrağı 10-culara təhvil veriblər.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Şirvan Liseyində isə ümummilli lider Heydər Əliyevin 91 illiyinə və Respublika Gününə həsr olunan “Yeni bir dünya” adlı məzuniyyət proqramı keçirildi. Əvvəlcə, ABTM-in 22 illik fəaliyətini özündə əks etdirən qısametrajlı film nümayiş etdirildi. Tədbirdə çıxış edən Şirvan liseyinin müdiri Elxan Əliyev rəhbərlik etdiyi təhsil ocağının əldə etdiyi nailiyyətlərdən, şagirdlərin respublika və beynəlxalq fənn olimpiadalarında əldə etdikləri uğurlardan danışdı. Bütün bu uğurların ulu öndər Heydər Əliyevin bu liseylərə göstərdiyi qayğının nəticəsi olduğunu vurğulayan Elxan Əliyev Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin məhz ümummilli liderin xeyir-duası ilə ölkəmizdə fəaliyyətə başladığını vurğuladı. O bu liseylərin bu gün ölkə başçısı cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd etdi.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva, Şirvan Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev, ABTM baş idarəsinin rəis müavini Ahmet Çamalan çıxış edərək, məzunları təbrik etdilər və onlara uğurlar arzuladılar. Eyni zamanda tədbirdə 2013-2014-cü ilin dünya və respublika fənn-layihə olimpiadalarının qaliblərinə, keçən il ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyət göstərən məzunlara, həmçinin bu il liseyə yüksək nəticə ilə qəbul olaraq pulsuz təhsil almaq hüququ qazanan 5 şagirdə qiymətli hədiyyələr təqdim olundu. ABTM Şirvan Liseyi şagirdlərinin hazırladıqları rəqs nömrələri, səsləndirdikləri şeirlər və xor kollektivinin mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Daha sonra məzunlar üçrəngli dövlət bayrağını musiqi sədaları altında səhnəyə gətirdilər. Onlar bayrağı öz davamçılarına təhvil verdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkildi. 
Vüqar Nəbiyev, Gəncə;
Babək Əsgər, Şirvan.
zaman.az


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF