Qafqaz Universiteti 2011 məzunu Vəfa Səfərli: “İş həyat tərzimə çevrilib” – Uğur hekayəsi

“İş həyat tərzimə çevrilib” – Uğur hekayəsi

Vəfa Səfərli: “5-10 il sonra özümü auditoriyada, müəllim olaraq sınamaq istəyirəm”

İş tapmağın ən rahat yolunun universitet, hətta məktəb illərindən müxtəlif dərnəklər və təşkilatlara qoşularaq, onların işində aktiv iştirak etmək olduğunu düşünür. Gənclərə məsləhət görür ki, könüllü işlərdən, başqa sözlə, pul almadan işləməkdən, təcrübə proqramlarında iştirak etməkdən imtina etməsinlər. Deyir ki, universiteti bitirəndən sonra hər hansı gənc işsiz qalırsa, bu, bir çox hallarda tələbənin öz günahı olur. Çünki gənclər iş axtarmağa diplomalarını əldə etdikdən sonra deyil, tələbəykən başlamalıdırlar. Həmsöhbətimiz Azərbaycan Diplomatiya Akademiyasının Kommunikasiya departamentinin rəhbəri Vəfa Səfərlidir.
- Orta məktəbin son sinfini – 12-ci sinfi Amerikada təhsil almısınız. Necə oldu ki, Amerikada oxumağa qərar verdiniz?
- Orta məktəbin 11-ci sinfində oxuduğum zaman qəzetlərin birində Amerika Birləşmiş Ştatlarında bir illik mübadilə proqramı çərçivəsində oxuya bilmək imkanının olduğunu qeyd edən bir elan gördüm. O zamanlar orta məktəbdə, xüsusilə orta məktəb təhsilinin son pillələrində gənclərin beynində bir fikir olur: hazırlıqlar və universitetə qəbul. Belə bir vaxtda Amerikada təhsil almaq kimi fikrim olmasa da, ingilis dili bacarıqlarıma güvəndiyim üçün özümü sınamağa qərar verdim. İmtahanda 800-dən artıq şagirdin namizəd olduğunu gördükdə, bir qədər tərəddüd etdim. Bu qədər namizədin içərisində seçilmək şansımın yüksək olmadığını düşündüm. Amma son nəticə yaxşı oldu və Azərbaycandan ABŞ-ın müxtəlif ştatlarında tələbə mübadiləsində iştirak edən 50 tələbədən biri oldum. 

- Amerikada oxumaq sizə nə verdi, nəyi öyrətdi?
- Amerikada keçirdiyim bir il ərzində insanlar və onların gündəlik həyatlarının, dəyər və inanclarının, maraq dairələrinin tamamilə fərqli ola biləcəyini və bu fərqliliklərin, uyğunsuzluqların əslində çox gözəl olduğunu öyrəncim. ABŞ müxtəlif, fərqli millətlərin bir arada vəhdət şəklində yaşadığı bir ölkə hesab edilir. Bu ölkə həm də tolerantlığın beşiyi sayılır. Mənim birgə yaşadığım ailədə bu müxtəliflik çox gözəl əks olunmuşdu. Alman əsilli amerikan valideynlər Hindistandan olan bir qızı övladlığa götürmüşdülər. Ata fermer, ana isə həkim idi. Bütün bunlar insanın dünyaya baxışını, yeni mədəniyyətlərin öyrənilməsi baxımından çox önəmlidir. ABŞ-da aldığım təhsil, təhsil məfhumuna qarşı fikrilərimi də köklü şəkildə dəyişdi. Təhsilin və öyrənilmiş yeni bacarıqların digərləri ilə paylaşılmadıqca, insanın yaşadığı icmaya faydalı olmadıqca heç bir əhəmiyyət daşımadığını öyrəndim. 

- Bakalavr pilləsini Qafqaz Universitetində bitirəndən sonra magistraturada oxumaq üçün ADA-ya qəbul olundunuz. Nəyə görə məhz ADA? Xaricdə də təhsil almaq imkanı əldə edə bilərdiniz.
- Qafqaz Universitetində təhsilimi bitirdikdən sonra, dərhal magistarturaya sənəd vermək yerinə işləmək, təcrübə qazanmaq və əsl marağımı, gələcəyimi təsəvvür etdiyim iş sahəsini tapmaq istədim. Bu, çox önəmlidir. Təəssüf ki, bizdə gənclər bir çox hallarda təhsil seçimlərini edərkən öz istədikləri sahə üzrə deyil, ailəsinin, yaxud yaxınların seçdiyi sahələr üzrə təhsil alır, daha sonra kayera yolunda özlərini bu sahədə tapa bilmirlər. İctimaiyyətlə əlaqələr, PR, kommunikasiya və marketinq sahəsinə marağımı və bu sahə üzrə bacarıqlarımı özümdə işlədiyim müddətdə kəşf etdim. ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə həyata keçirdiyi, karyeralarında müəyyən yerə gəlmiş insanlar üçün həyata keçirdiyi ikili dərəcə proqramı haqqında məlumat aldığım zaman proqramın tam mənə uyğun olduğunu düşündüm. İşdən ayrılmadan, karyera yolunda hec bir fasilə vermədən MBA dərəcəsinə sahib olmaq çoxdankı arzum idi. Bilirsiniz ki, ADA Universiteti hazırda verdiyi keyfiyyətli təhsil, professor və müəllim heyəti, kampus və tələbə həyatının rəngarəngliyi baxımından Qərb universitetləri ilə rəqabət apara biləcək səviyyədədir. Dərslərin həm ADA, həm də MSM professorları tərəfindən tədris edilməsi, təhsilin 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı tərəfindən dəstəklənməsi də qərarıma müsbət təsir etdi. Şadam ki, ADA-nın bu proqramı üzrə təhsil alan ilk 30 tələbədən biriyəm. 

-İlk işə tələbəykən layihə meneceri kimi başlamısınız. Necə oldu tələbə hansısa layihəyə rəhbərlik etdi?
- Əvvəldə qeyd etdiyim ki, ABŞ-da olduğum bir il ərzində öyrəndiyim ən böyük dərs bilik və bacarıqların bölüşülməsinin, yaşadığın cəmiyyətin, oxuduğun universitetin həyatında aktiv şəkildə iştirak etməyin vacibliyi idi. Döndüyüm zaman istər Amerika Təhsilli Azərbaycanlılar Birliyi nəzdində, istər Qafqaz Universitetin daxilində tələbə klubları vasitəsi ilə, istərsə də Bakıda fəaliyyət göstərən gənclər təşkilatlarında işə başladım. Belə təşkilatların birində layihələr üzrə menecer kimi fəaliyyət göstərdim. Mindən çox gəncin üzv olduğu bu təşkilat daxilində mən və digər aktiv üzvlər təhsil, ətraf mühit, maariflənmə, mədəni müxtəlifliyin təbliği və s. bu kimi mövzular ətrafında gənclər arasında təbliğat aparır, müxtəlif layihələr və proqramlar həyata keçirirdik. Bu kimi layihələrin çapı o qədər geniş olmasa da, zənnimcə, hər bir tələbə mütləq universitet illərində belə təşkilatlarda aktiv şəkildə iştirak etməlidir. Çünki belə məkanlarda gənclər gündəlik ev-universitet həyatından uzaqlaşır, yeniliklərlə tanış olur, özlərini inkişaf etdirirlər. 

- Uzun müddət BMT-də çalışmısınız. Hazırda gənclər təcrübə toplamaq üçün belə pulsuz işləməyi sevmirlər. Amma siz bir çox gənclərdən fərqli olaraq, diplomunuzu aldıqdan sonra işə təcrübəçi kimi başlamısınız. 
- BMT-nin Azərbaycandakı ofisində, İctimai İnformasiya Departamentində dörd il fəaliyyət göstərmişəm. Burada da fəaliyyətə ilk növbədə təcrübəçi kimi başlasam da, iki il ərzində əvvəlcə assistent, daha sonra isə müavin vəzifəsinə qədər qalxmağı bacardım. Təbii ki, burada könüllü kimi fəaliyyət göstərdiyim layihələr, iştirak etdiyim konfranslar, o cümlədən aldığım təhsil böyük rol oynadı. 

- Gənclərin əksəriyyətinin arzuladığı beynəlxalq təşkilatdakı iş yerinizi - BMT-ni Azərbaycan Diplomatiya Akademiyasına dəyişdiniz. Necə oldu, belə bir qərar verdiniz?
- Mənim üçün universitetlər sadəcə dərslərin keçildiyi, təhsil verilən bir məkan kimi deyil, ölkənin gələcəyinin formalaşmasında birbaşa iştirak edəcək insanların fərd kimi yetişdirildiyi bir məkan olub. Tələbələrin bu inkişafına yaxından şahid olmaq, onların hər gün daha da inkişaf etdiyini görmək əvəzedilməz bir hissdir. Məhz belə bir mühitdə işləmək, gəncliyin nəbzinin atdığı və sürətlə inkişaf edən bir yerdə olmaq xüsusi bir qürurdur. Məhz bu səbəblərə görə, ADA Universitetindən iş təklifi aldığım zaman, tərəddüd etmədən qəbul etdim və seçimimdən çox razıyam. ADA-da yaradılmış işçi mühiti hətta bir çox beynəlxalq iş mühitlərinə də örnək ola bilər. 

- Sizin üçün iş nə deməkdir?
- Bu gün mən və karyera quran bir çox gənclər üçün iş artıq həyat tərzinə çevrilmişdir. Günümüzün minimum səkkiz saatını işdə keçirir, daha sonra iş görüşləri və müzakirələrdə iştirak edirik. Hətta dostlarımızın bir çoxu ilə iş əsnasında tanış olmuşuq. Bütün bunlara görə işləmək mənim üçün daima çevrənlə əlaqəni qorumaq, dəyişikliklərin mərkəzində olmaq deməkdir. İş həmçinin azadlıq, arzuları, ətrafında görmək istədiyin dəyişiklikləri həyata keçirmək üçün hər gün bizə verilən bir imkandır. Təbii ki, bütün bunları necə və hansı səviyyədə həyata keçirmək hər insanın şəxsi ambisiyasından aslıdır. 

- Bir çox gənc işsizlikdən şikayət edir. Amma sizin CV-nizə nəzər saldıqda görürük ki, 3-cü kursdan bu yana bir gün də işsiz qalmamısınız. İşsizlikdən şikayət edən gənclərə nə məsləhət görərdiniz?
- Hazırda Azərbaycanda əmək bazarında rəqabət çox güclüdür və bu, artan sürətlə davam edir. Universiteti bitirəndən sonra hər-hansı gənc işsiz qalırsa, bu, bir çox hallarda tələbənin öz günahı olur. Məhz buna görə də gənclər iş axtarmağa diplomalarını əldə etdikdən sonra başlamasınlar. Universitet, hətta məktəb illərindən müxtəlif dərnəklər və təşkilatlara üzv olaraq, onların işində aktiv iştirak etsinlər. Ən önəmlisi isə könüllü işlərdən, başqa sözlə desək, pul almadan işləməkdən, təcrübə proqramlarında iştirak etməkdən imtina etməsinlər. Təbii ki, günün tələbləri olan dil bacarıqlarının inkişaf etdirilməsi, texnolgiyadan istifadə, mütailə də özünü inkişafın ayrılmaz hissəsi olmalıdır. Bütün bu sadaladığım fəaliyyətlər, onların birbaşa gələcəklərinə etdikləri yatırımdır. 

- İş otağınızda divara yapışdırdığınız qeydlərdən biri də “Xoşbəxt olmağın 5 yolu”dur. Bu yollar barədə oxucularımıza da məlumat verərdiniz. Sizcə, həqiqətənmi bu 5 bəndə riayət etməklə insan özünü xoşbəxt hiss edə bilər?
- Xoşbəxtlik haqqında həddən artıq çox şeylər deyilib, yazılıb, xüsusilə son vaxtlar bu kimi mövzular çox dəbdədir. Lakin fikrimcə, hər kəs individual olduğu kimi, onları xoşbəxt edən nəsnələr də fərqlidir, yəni bu yolda ümumiləşdirmə aparmaq çox çətindir. İş masamın yanında duran bu qeyddə “ürəyinizdə nifrətə yer olmasın,” “daha çox sevin”, “daha çox töhfələr verin”, “başqalarından daha az şey gözləyin”, “boş yerə narahatçılıq keçirməyin” kimi qısa, hər kəsin bildiyi, lakin həyata keçirmək çox vaxt imkansız olan məsləhətlər yazılıb. Mən də hər kəsin bildiyi bu universal qaydaları bir xatırlatma kimi iş masamda saxlayır və maksimum əməl etməyə çalışıram. Bunlara əməl etməklə insan özünü özü ilə, öz şəxsi ilə tam, bütün hiss edə bilər, həyatına harmoniya gətirə bilər. Bu isə xoşbəxtliyə gedən ən qısa yoldur.

- Sizin üçün karyeranın zirvəsi haradır? Harada işləməyi arzulayırsınız?
- Məhz buna görə də gələcək planlarımda təhsilimi davam etdirmək və akademik sahə üzrə fəaliyyət göstərmək var. Beş, yaxud on ildən sonra özümü auditoriyada, müəllim olaraq sınamaq istəyirəm.

Lalə MUSAQIZI 
kaspi.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır