Sənaye mühəndisi kimdir?


Mühəndisliklərdən ayrılan və fərqlənən bir mühəndislik sahəsi var, o da sənaye mühəndisliyidir. Bəs bu mühəndisliyi digər mühəndislik sahələrindən fərqləndirən cəhət nədir? Demək olar ki, bir çox mühəndislik sahələri fiziki obyektlərin dizaynı ilə məşğuldurlar, sadəcə, sənaye mühəndisliyi sistemlərin dizaynı ilə məşğuldur.
Azərbaycanda 1993-cü ildə açılmış olan sənaye mühəndisliyi ixtisası artıq 16 ildir məzun verir. Bu illərdə bir çox layihələrə imza atan məzunlarımız oldu, amma hələ də üstündən 21 il keçməyinə baxmayaraq sənaye mühəndisliyinin nə qədər əhəmiyyətli olduğunu hiss etdirə və izah edə bilməmişik. Dünyada bizim kimi dinamik inkişaf göstərən ölkələrdə nə qədər vacib olduqlarını, hər bir addımda, hər bir sahədə özlərini göstərə biləcəklərini izah edə bilməmişik. Bu məqaləni yazmağı da buna görə özümə borc bildim.
İnsan, avadanlıq, informasiya və pulun effektiv və düzgün istifadəsi...
Mühəndis deyəndə, hamının fikrinə gələn və düşündürən ya inşaat mühəndisidir, ya kompyuter, ya da mexanika mühəndisliyidir. Halbuki mühəndislik sahələrinə baxanda sayları hesabsızdır. Amma bütün mühəndisliklərdən ayrılan və fərqlənən bir mühəndislik sahəsi var, o da sənaye mühəndisliyidir. Bəs bu mühəndisliyi digər mühəndislik sahələrindən fərqləndirən cəhət nədir? Demək olar ki, bir çox mühəndislik sahələri fiziki obyektlərin dizaynı ilə məşğuldurlar, sadəcə, sənaye mühəndisliyi sistemlərin dizaynı ilə məşğuldur. Bu da o deməkdir ki, hər bir müəssisə və sahə bir sistem təşkil etdikləri üçün sənaye mühəndisliyi hər bir sahənin və hər bir müəssisənin ehtiyaclarını təmin edə bilər. Sənaye mühəndisliyinin tərifini belə verə bilərik: Sistemi səmərəli, keyfiyyətli və təhlükəsiz dizayn və ya inkişaf etdirmək üçün insan, avadanlıq, informasiya və pulun effektiv və düzgün istifadəsi. Bizim verdiyimiz tərifdən də göründüyü kimi, hər bir sahədə işləyə bilərlər. Yuxarıda yazılanları bir neçə misalla da açıqlıq gətirə bilərik. Korporativ təyyarə istehsal edən bir müəssisə təyyarələrin quyruq hissələrinə bir dəyişiklik etməyə qərar verir. Bu dəyişiklik butün addımlara və istehsal prosesinə yenilik və fərqlilik gətirəcəkdir. Bunun üçün hansı materialdan və nə qədər istifadə ediləcək, hansı avadanlıqlar haradan əldə ediləcək və xərcləri nə olacaq, istehsal prosesinə dəyişikliklər və yerləşmələr necə olacaq suallarını cavablandırmaq lazımdır. Bu suallara cavab verə biləcək şəxs idarəçinin ən birinci köməkçisi sənaye mühəndisidir. Bir başqa misal: xəstəxanada komanda şəklində işləyən sənaye mühəndisləri yenidən iş proseslərini analiz edərək, əməliyyatxanaların təmizlənmə və növbəti əməliyyata hazırlanma proseslərini qısaldaraq 45 dəqiqədən 20 dəqiqəyə salırlar. Bu da bir gün içində daha çox əməliyyat keçirməyə imkan verir. Bir başqa misalda da avtomobil zavodunda baş verən xəsarətlərin artması, mühəndis və idarəçiləri narahat etməyə başlamışdır. Sənaye mühəndisləri sistemi analiz etdikdən sonra problemin haradan qaynaqlandığı nı təyin edirlər. Belə ki, bir neçə ay əvvəl mühərrikin montaj xəttində edilmiş yeni dizayn üzündən burada işləyən şəxslər iş prosesini yaxşı görə bilmədikləri üçün fərqli-fərqli xəsarətlər alırlarmış. Bunları müəyyən edən sənaye mühəndisləri işlərin rahat görülməsi üçün qaldırıcı montaj xətlərindən istifadə edərək, xəttin daha rahat izlənməsi və işlərin daha rahat görülməsini təmin etdilər. Daha sonra aparılan monitorinqlərdə qəza və xəsarətlərin azaldığını göstərdi. Bu nümunələrin sayını artırmaq mümkündür. Dünyanın ən məşhur şirkətlərində işləyən sənaye mühəndislərini də nümunə olaraq göstərmək olar: “Disney Land”, “UPS”, “Sheraton Hotels”, “BP”, “Lufthansa”, “Turkish Airlines”. Burada bu şirkətlərin adlarını çəkməkdə məqsəd müəssisələrin necə bir-birilərindən fərqli sahələr olduğunu göstərməkdir.

Bir sənaye mühəndisi hansı işləri görməlidir?

Birinci növbədə Sənaye mühəndisi köhnələn və sıradan çıxan fiziki resurslar sistemini yeniləmək və rəqabət şərtlərinə uyğunlaşdırmaq üçün dəyişdirməyi, yeniləri ilə əvəz etməyi bacarmalıdır. İkinci, imkan və vasitələri inkişaf etdirməyi bacarmalıdır. Daha açıq bir şəkildə izah etsək, fiziki resursların, yəni avadanlıq və təchizatların səmərəliliyini artırmaq məqsədi ilə iş yerlərinin analizini aparmaq və ən effektiv metodları tətbiq eləmək. Üçüncü, xammal və məhsulların hərəkəti və bunların yığılması. İstehsalatda istifadə edilən çox növdə xammalın hərəkətini analiz edərək, ən optimal yolun seçilməsi sənaye mühəndisinin vəzifələrindən biridir. Dördüncü, iş gücünün təşkil olunması və qiymətləndirilməsi. Burada həm iş standartlarının təyin edilməsi, buna görə də işçi keyfiyyətinin təyin edilməsindən söz edilir. Bir digər sahə idarəçilərin təlimidir. Sənaye mühəndisliyinin prinsip və metodlarını hər sahənin idarəçisinə öyrətmək üçün lazım olan plan və proqrama sahib olmaq. Çalışanların təlimi də bir digər sahədir ki, burada da yeni texnologiyaları və buna bağlı olaraq yeni metodları iş yerindəcə hər kəsə öyrətmək.
Sənaye mühəndisləri qurumun qaynaqlarının tarazlı bir şəkildə paylanmasından, təsirli səmərəli istifadəsindən və mütəxəssislər arasındakı əməkdaşlığın qurulmasında da məsuldur. Bir şirkətin öz problemləri yanında, fərqli sahələrdəki mütəxəssislərlə idarəçilər arasında bir körpü kimi rabitə vəzifəsini də aparır. Sənaye mühəndisləri, hər səviyyədəki idarəçinin qərarvermə pilləsində ehtiyac hiss etdiyi bilik və məlumatları istifadə edərək idarəçilərə kömək edən şəxsdir. Bu səbəblə, bir sənaye mühəndisi dövlət, ticarət, xidmət, dizayn, sənaye və hətta hərbi sahədə fəaliyyət göstərən bütün təşkilatlarda işləyə bilər.
Bu məsuliyyətlərin sırasını, bəlkə, bir az da artıra bilərik. Amma gördüyümüz kimi, sənaye mühəndisliyinin əsas məqsədinin içində insan faktoru olduğu üçün hər addımda sistemi yaxşılaşdırma və insan yetişdirməyi üstün tutur. Çox gözəl binalar tikə bilərik, ən son texnologiyaya məxsus fabrik, zavod, otel, xəstəxana və s. qura bilərik. Amma unutmayaq ki, bunları istifadə edəcək olanlar insanlardır, istifadə ediləcək məqsəd də insanlığın rifahıdır. Bu gün insana dəyər verən sistem qazanır. Ən üst idarəçidən ən son işçinin haqqını qoruyan sistemlər ən müvəffəqiyyətli quruluşlardır. Bu addımların atılmasında da, Azərbaycanda gedən iqtisadi, mədəni inkişafın içində də rol almaq hər bir sənaye mühəndisinin borcu və vəzifəsidir.

Sevil İmanova
Qafqaz Universiteti Mühəndislik fakültəsi sənaye mühəndisliyi bölməsinin baş müəllimi xarici əlaqələr prorektorluğu layihələr koordinatoru

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF