Bakıda II beynəlxalq Həmzə Nigari simpoziumu keçirilir









Oktyabrın 20-də Bakıdakı “Modern hotel”də Türkiyənin Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli din xadimi və sufi şairi Seyid Həmzə Nigarinin həyat və yaradıcılığının öyrənilməsinə həsr olunmuş II beynəlxalq Həmzə Nigari simpoziumunun açılış mərasimi oldu.
İki gün davam edəcək simpoziumun əsas mövzuları Həmzə Nigarinin həyatı və yaradıcılığı, sufi ədəbiyyatı, sufizm və nəqşibəndilikdir. Simpoziumda Azərbaycan, Türkiyə və Rusiyanı təmsil edən 80-dən çox alim və tədqiqatçının çıxışı nəzərdə tutulub.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Məmməd Rəhimovun hazırladığı sərgiyə tamaşa etdilər.
Simpoziumu giriş sözü ilə Seyid Nigarinin nəslindən olan, onun oğlunun adını daşıyan Siracəddin Həmidov açaraq, görkəmli şəxsiyyət haqqında qısa məlumat verdi. Bildirildi ki, Mir Həmzə Nigari ilə eyni soydan olan və şeyxin vəfatına qədər onun qulluğunda dayanmış Seyid Sədəddin əfəndinin oğlu Mustafa Fəxrəddin Ağabalinin Seyid Nigarinin həyat və fəaliyyətini bütün təfsilatilə bizə təqdim edəcək “Hümayi-Ərş” kitabı yaxın vaxtlarda işıq üzü görəcək.
Oktyabrın 21-də simpozium öz işini proqram üzrə davam etdirdi. AMEA Tarix Muzeyinin əməkdaşı Səidə Həmzəbəyova, filologiya elmləri doktoru Almaz Ülvi, Dağıstan Dövlət Universitetinin müəllimi Taibə Hacımuradova, Rusiya EA Kabardin-Balkar Elmi Mərkəzinin əməkdaşı Tamara Bittirova, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Səadət Şıxıyeva, “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Ələsgərli Seyiq Həmzə Nigarinin həyat və yaradıcılığı haqqında maraqlı məruzələrlə çıxış etdilər.
Proqrama uyğun olaraq, oktyabrın 22-də simpozium iştirakçıları Həmzə Nigarinin sevimli tələbəsi Hacı Mahmud əfəndi Aslanbəylinin Qazaxdakı türbəsini ziyarət edəcək, Azərbaycanın digər inanc yerləri ilə tanış olacaqlar.
Həmzə Nigariyə və onun təliminə həsr olunmuş elmi simpoziuma istər Amasiyadan, istərsə də Qarabağ bölgəsindən çoxsaylı tərəfdaşları da dəstək verir. Amasiya, Çorum və Toqatdan simpoziumda iştirak etmək üçün Bakıya geniş tərkibdə nümayəndə heyəti gəlib. Qeyd edək ki, “Qarabağdan Amasiyaya könül körpüsü - I beynəlxalq Həmzə Nigari simpoziumu” 2012-ci ildə Tükiyənin Amasiya şəhərində keçirilmişdi.
Məlumat üçün bildirək ki, Mir Həmzə Nigari 1795-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində dünyaya gəlmişdir. O, bir vaxtlar Türkiyənin Anadolu vilayətindən bu kəndə köçmüş Ağa Balim həzrətlərinin altıncı nəslidir. Tədqiqatçı-alim Bəhlul əfəndi Behcətin yazdığına görə, Ağa Balim həzrətləri müridi Sarı Aşıq, Hacı Qaraman və Qara Pirimlə birgə bu kəndə gəlmiş və burada məskunlaşmışdır. Seyid Həmzə Nigari də bu kənddə dünyaya gəlmişdir. Atası Mir Paşa adı ilə tanınan Mir Rüknəddin əfəndi, anası isə Qızxanımdır. Həmzə əfəndinin Həzrəti Zəhranın övladlarından olan ulu babaları hicrətin birinci və ikinci əsrlərində sülalələri və həmvətənləri ilə birlikdə uzaq bir məmləkətdə gizlənmək və yaşamaq məcburiyyətində qalmışlar.
Həmin əsrdə Qafqazın Qarabağ vilayətinə köçərək burada bir kənddə yerləşmişlər. Cicimli adlanan bu kənd ulu seyidlərin gözəl və müqəddəs bir məskəni olmuşdur. Həmzə əfəndi uşaqlığını Cicimlidə keçirmişdir. 15 yaşına qədər molla yanına göndərilsə də, sonra kənddən qaçaraq Qazaxın Qaraqaş kəndindəki məşhur müdərrislərdən biri olan Hacı Mahmud əfəndinin yanına getmişdir. Qaraqaşda təhsil aldığı zaman Nurəddin adlı bir şəxs və xanımı Nigar Həmzə əfəndinin yaşayış və təhsili üçün hər cür yardım göstərmişlər. Bu xanımın dəstəyinə görə o, “Nigari” təxəllüsünü götürmüş, şeirlərini bu təxəllüslə yazmış və divanında da ondan istifadə etmişdir. 1886-cı ildə Türkiyənin Harput şəhərində vəfat edən Həmzə Nigari vəsiyyətinə əsasən öz mürşidi İsmayıl əfəndinin yanında - Amasiyada dəfn olunmuşdur. Məzarı indi də orada – Şirvan camesindədir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır