“Bu günün və sabahın direktorları” sertifikatı təqdim olunub

Bakı-APA. Təhsil Nazirliyi ilə Qafqaz Universitetinin əməkdaşlıq çərçivəsində  məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil olunan təlimlərdə  müvəffəq olanlara sertifikatlar təqdim olunub.

Qafqaz Universitetindən APA-ya verilən məlumata görə, Zərifə Əliyeva adına liseydə təşkil olunan tədbirdə çıxış edən Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə müdiri Emin Əmrullayev “Bu günün və sabahın direktorları” sertifikatına layiq görülən müəllimləri təbrik edib: “Keçirdiyimiz təlimlərin əsas məqsədi, gələcəkdə idarəetmə sahəsində fəaliyyət göstərmək istəyən müəllimlərin bu sahədə təcrübi biliklərini artırmaq, eyni zamanda onların ixtisaslarının artırılmasında müəyyən rol oynamaqdır. Sertifikat alıb almamasından asılı olmayaraq, istənilən halda bu təlimdə iştirak etmək gələcəyin direktorları üçün müsbət bir göstəricidir. Hesab edirəm ki, direktor işinin mahiyyəti maddiyyat olmamalıdır. Onlar birinci növbədə öz sahələri üzrə mütəxəssis olmalıdırlar. Burada təşkil etdiyimiz təlimlər də buna xidmət edir. Biz növbəti təlimlərdə onu da nəzərdə tutmuşuq ki, artıq 2015-ci ilin sonlarından etibarən direktorlara keçirilən təlimlər elektron şəkildə aparılsın”.

E.Əmrullayev direktorların yaş həddinin aşağı salınması məsələsinə də toxundu: “Əvvəlki illərdə direktorların yaş həddi daha yuxarı idi. Ancaq hesab edirəm ki, bu məsələ də göz önünə gətirilməlidir. Bu ilki hesablamalara görə orta məktəb direktorların ortalama yaş həddi 56 təşkil edir. Çox yaxşı bir nəticə olar ki, bu vəzifənin böyük faizi gənc kadrlardan təşkil olunsun”.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də çıxış edərəkTəhsil Nazirliyinə təşəkkür edib: “Əminəm ki, Azərbaycan təhsilinin inkişafı yolunda təşkil olunan bu və  bunun kimi layihələr daim öz təsirini hiss etdirəcək”.

Qafqaz Universiteti Pedaqoji fakültəsinin dekanı Erdal Karaman bütün direktorları təbrik edib.

Qeyd olunub ki, tədbirdə direktorların sertifikatlarının təqdim olunması ilə yanaşı həmin layihənin yenidən başlamasına da start verilib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF