“Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

“Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri mükafatlandırılıblarBakı, 25 aprel, İbrahim Əsədov, AZƏRTAC 

Aprelin 25-də Bakıdakı “Park İnn” otelində Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə müsabiqə barədə məlumat verilib. Qeyd olunub ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.

Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.

YFM yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.

Müsabiqənin missiyası innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq, informasiya-kommunikasiya texnologiyalarının inkişafına, eləcə də təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək və təşəbbüskar yanaşmanı inkişaf etdirməkdən ibarətdir.

Müsabiqənin nəticəsinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verir.

Eyni zamanda, seçilən 10 layihənin müəllifləri QUTechnopark İnkubasiya Mərkəzindən bir il müddətində ödənişsiz istifadə edə biləcək.

Bildirilib ki, müsabiqə üçün 196 layihə qeydə alınıb. Onlardan 12-si finala çıxıb.

Sonra final mərhələsi üçün seçilən layihələrin təqdimatı olub. Onlardan 10-u müsabiqənin qalibi seçilib və mükafatlandırılıb.


http://azertag.az/xeber/849873

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır